Cənubi Afrikada sel sularına qapılaraq itkin düşən iş adamı Qabriel Batistanın axtarışları zamanı öldürülən təxminən 5 metr uzunluğunda timsahın mədəsində insan qalıqları və 6 cüt ayaqqabı aşkar edilib.
Referans Media xəbər verir ki, hadisə Mpumalanga əyalətinin Komati çayı ərazisində baş verib. Polis həmin ərazidə şişkin vəziyyətdə hərəkətsiz qalan timsahı şübhəli hesab edərək onu zərərsizləşdirib.
Daha sonra aparılan yoxlama zamanı timsahın mədəsindən insan qalıqları tapılıb. Həmin qalıqların itkin iş adamı Qabriel Batistaya aid olub-olmaması DNT analizi ilə müəyyən ediləcək.
Eyni zamanda, mədədən 6 fərqli cüt ayaqqabının çıxması diqqət çəkib. Polis bu ayaqqabıların Batistaya aid olmadığını bildirərək onların digər itkin düşmə halları ilə əlaqəli ola biləcəyini istisna etmir.
Rəsmilər bölgədə daha əvvəl baş vermiş itkin hadisələri də nəzərdən keçirir və timsahın digər hücumlarla bağlılığı araşdırılır.
Məlumata görə, timsah helikopter vasitəsilə ərazidən götürülüb və əməliyyat xüsusi təhlükəsizlik tədbirləri ilə həyata keçirilib. Araşdırma davam edir.
