Türkiyədə QANLI FACİƏ: 6 nəfəri qətlə yetirən şəxslə bağlı şok detallar - VİDEO

Türkiyənin Mersin vilayətində baş verən silahlı hücum ölkədə böyük rezonans doğurub. Keçmiş həyat yoldaşını öldürən Metin Ö. daha sonra restorana silahlı basqın edib və qaçarkən ətrafa atəş açıb. Hadisə nəticəsində ümumilikdə 6 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.

Referans Media xəbər verir ki, ilk hadisə Çamlıyayla rayonunun Darpınarı məhəlləsində qeydə alınıb. Metin Ö. keçmiş həyat yoldaşı A.Ö. ilə mübahisə edib. Mübahisə zamanı o, ov tüfəngi ilə qadına atəş açaraq onu hadisə yerində qətlə yetirib.

Bundan sonra şübhəli avtomobillə Tarsus rayonuna gedərək aralarında ədavət olduğu bildirilən S.P.-nin restoranına hücum edib. Restoranda açılan atəş nəticəsində S.P. və işçi A.E.C. ağır yaralanıb. Yaralılardan A.E.C. xəstəxanada ölüb.

Şahidlərin sözlərinə görə, hücum edən şəxs restoranı tərk etdikdən sonra da yolboyu qarşısına çıxan insanlara təsadüfi atəş açmağa davam edib. Nəticədə A.K., 16 yaşlı çoban Y.U. və yük maşını sürücüsü G.S. güllə yarası alıb. Daha sonra onların öldüyü bildirilib.

Hadisələr zamanı ölənlərin sayı 6-ya çatıb. Yaralanan 8 nəfərin müalicəsi xəstəxanalarda davam edir.

Mersin Valiliyi hadisə ilə bağlı açıqlama yayaraq bildirib ki, Metin Ö.-nün əvvəllər də narkotik asılılığı səbəbindən dəfələrlə xəstəxanaya müraciəti olub və onda müxtəlif psixoloji pozuntular aşkarlanıb.

Açıqlamada qeyd olunub: “Şübhəli şəxsin qadağan olunmuş maddə asılılığı ilə əlaqədar dəfələrlə xəstəxana qeydiyyatı və müxtəlif psixiatrik diaqnozları müəyyən edilib.”

Hazırda polis və xüsusi təyinatlı qüvvələr şübhəlinin saxlanılması üçün genişmiqyaslı əməliyyat keçirir. Axtarışlara helikopter də cəlb olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki